LEQAL XƏBƏR məlumat verir ki, Xalq artisti Flora Kərimovanın səhhətində müsbət dinamika müşahidə olunur və onun yaxın günlərdə xəstəxanadan evə buraxılması ehtimal edilir.
Sənətçinin köməkçisi Yaqut İmanova bildirib ki, Flora Kərimovanın vəziyyəti hazırda stabildir və o, artıq qidalanmağa başlayıb.
Onun sözlərinə görə, sənətçi əvvəlcə yoğurtla qidalanıb, daha sonra isə həkimlərin nəzarəti ilə yüngül yeməklərə keçilib. Köməkçi həmçinin qeyd edib ki, Flora Kərimova danışır, əhvalı yaxşıdır və özünü nisbətən yaxşı hiss edir.
Yaqut İmanova sosial şəbəkələrdə yayılan “ağır vəziyyət” və “komaya düşmə” kimi iddiaları təkzib edərək bunların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirmə planlı müayinə ilə bağlı olub və vəziyyət şişirdilib.
Məlumata əsasən, həkimlər sənətçinin göstəricilərində yaxşılaşma olduğunu qeyd ediblər və vəziyyət bu cür davam edərsə, 1–2 gün ərzində evə buraxılması mümkündür.