Bakıda sevgilisinə qarşı zorakılıq edən şəxs 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib
Bakıda birgə yaşadığı qadına qarşı fiziki zorakılıq tətbiq edən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
LeqalXəbər-in əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 133-cü (əziyyət vermə) maddələri ilə təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəllər ailəli olub və boşandıqdan sonra Nəzrin adlı qadınla tanış olaraq təxminən iki il ərzində onunla faktiki ailə münasibətlərində yaşayıb. Lakin sonradan tərəflər arasında münasibətlər gərginləşib və mütəmadi mübahisələr yaranıb.
İş materiallarına əsasən, qadının ona pul verməməsi, həmçinin şəxsi həyatı ilə bağlı bəzi məsələlər səbəbindən təqsirləndirilən şəxs zərərçəkmişə qarşı dəfələrlə fiziki zorakılıq tətbiq edib. O, qadını müxtəlif vaxtlarda döyüb, dişləyib və ona bədən xəsarətləri yetirib.
Araşdırma zamanı müəyyən olunub ki, son insident zamanı kişi mətbəx əşyasından istifadə edərək qadına çoxsaylı zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrində qançırlar, qansızmalar, sıyrıqlar və digər xəsarətlər alıb.
Toplanmış sübutlar və iş üzrə müəyyən edilmiş hallar nəzərə alınaraq, Səbail Rayon Məhkəməsinin hökmü ilə İsa Sərdarov təqsirli bilinib və 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qərar qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul olunub.![]()