LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan baş nazirinin aparat rəhbəri Lilit Makuntsun fəaliyyəti ölkənin mətbuatında müzakirələrə səbəb olub.
Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Makunts özünü hökumətin rəhbəri kimi aparır və ictimaiyyət qarşısında özünün piarına geniş yer verir.
Məqalədə bildirilir ki, baş nazirin yeni təyin olunmuş aparat rəhbəri sələfi Arayik Arutyunyandan daha fəal görünməyə çalışır. Hətta onun baş nazir Nikol Paşinyandan daha çox aktivlik nümayiş etdirdiyi, müxtəlif görüşlər keçirdiyi və hökumətin rəsmi saytında öz tədbirləri ilə bağlı xəbərlərin və fotoların geniş yer aldığı qeyd olunur.
Nəşr yazır ki, hökumətin saytında Makuntsun iştirak etdiyi tədbirlərlə bağlı geniş məlumatlar dərc edilir. Məsələn, onun “Ermənistan üçün yeni imkanlar: xarici siyasət, islahatlar və davamlılıq” adlı iki günlük iş seminarının açılış mərasimində iştirak etdiyi bildirilib.
Tədbirdə Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların, analitik mərkəzlərin və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
“Hraparak” həmçinin hökumətin saytında Makuntsun çıxışları və müşahidələri ilə bağlı ifadələrin tez-tez yer aldığını vurğulayıb.
Məqalədə onun hətta Konstantin Petrosyana həsr olunmuş yubiley konsertində iştirakına dair xəbərin də hökumətin rəsmi saytında yayımlandığı qeyd edilir.