Legal Xəbər məlumat verir ki, Birləşmiş Millətlər Təşkilatı qeyri-qanuni silah dövriyyəsinin qlobal təhlükəsizlik üçün ciddi təhdid yaratdığı barədə xəbərdarlıq edib. Təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən müzakirələrdə bildirilib ki, silahlı münaqişələr başa çatdıqdan sonra belə, istifadə olunan silahlar uzun illər dövriyyədə qalaraq cinayətkarlığın və zorakılığın artmasına səbəb olur.
BMT rəsmiləri qeyd ediblər ki, son illər 3D çap texnologiyası ilə hazırlanan və seriya nömrəsi olmayan “kölgə silahlar”ın yayılması vəziyyəti daha da mürəkkəbləşdirib. Bu cür silahların mənşəyini müəyyən etmək və onların hərəkət marşrutunu izləmək hüquq-mühafizə orqanları üçün ciddi çətinlik yaradır.
Müzakirələr zamanı Liviyada 2011-ci il münaqişəsindən sonra talan edilən silahların müxtəlif Afrika ölkələrinə yayılması nümunə kimi göstərilib. Bildirilib ki, həmin silahların bir hissəsi sonradan ekstremist qrupların əlinə keçərək regionda təhlükəsizlik problemlərini dərinləşdirib.
BMT vurğulayıb ki, qeyri-qanuni silah dövriyyəsi təkcə münaqişələri deyil, həm də terrorizmi, mütəşəkkil cinayətkarlığı, insan hüquqlarının pozulmasını və gender əsaslı zorakılığı qidalandırır. Təşkilat üzv dövlətləri bu sahədə nəzarəti gücləndirməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə çağırıb.