LEQAL XƏBƏR məlumat verir ki, Bakıda keçiriləcək UFC turnirinə biletlər dünyanın 67 ölkəsindən olan azarkeşlər tərəfindən alınıb.
Bakı Şəhər Halqasından verilən məlumata görə, turnirə ən böyük maraq ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Qazaxıstan və İsraildən müşahidə olunur.
Qeyd edək ki, Azərbaycan hazırda MDB məkanında, Mərkəzi Asiyada və Cənubi Qafqazda UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir.
UFC turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.
İkinci əsas döyüşdə orta çəkidə çıxış edən Şarabutdin “Shara Bullet” Maqomedov braziliyalı Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində daha bir azərbaycanlı döyüşçü Fərman Həsənov da oktaqona çıxacaq. Onun rəqibi ABŞ təmsilçisi Erik Nolan olacaq.