Bakının Xətai rayonunda aylar əvvəl baş vermiş torpaq sürüşməsi sakinlər üçün hələ də ciddi problem olaraq qalır.
Hadisə aprelin 11-də Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində qeydə alınıb. Güclü yağışların təsiri ilə torpaq kütləsi aşağıya doğru hərəkət edib və nəticədə bir neçə avtomobil torpaq altında qalıb.
Hadisədən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə istinad divarlarının inşa ediləcəyi bildirilib. Fövqəladə Hallar Nazirliyi də sürüşmə ilə bağlı zəruri sənədləşdirmə işlərinin aparıldığını, istinad divarının tikintisi üçün layihənin hazırlandığını və işlərin başlanmasının nəzərdə tutulduğunu açıqlayıb.
Lakin sakinlərin sözlərinə görə, aradan aylar keçməsinə baxmayaraq, ərazidə tikinti işlərinə başlanılmayıb. Onlar sürüşmə sahəsinin də hasarlanmadığını bildirirlər.
Sakinlərin iddiasına görə, avqustun 3-də istinad divarının tikintisinə yaxın zamanda başlanılacağı barədə məlumat verilsə də, bu günədək ərazidə hər hansı iş görülməyib.
Sakinlər vəziyyətin getdikcə daha da pisləşdiyini deyirlər:
“Torpaq hər gün tökülür və sürüşmə sahəsi getdikcə genişlənir. Aidiyyəti qurumların planlaşdırılan işlərin nə vaxt həyata keçiriləcəyi ilə bağlı məlumat verməsini və problemin həlli istiqamətində tədbir görülməsini xahiş edirik”.