Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən diri heyvanların idxalı ilə məşğul olan “Retro Holding” MMC-də böyük məbləğdə mənimsəmə iddiası ilə bağlı cinayət işi üzrə istintaq yekunlaşıb. Şirkətin vəzifəli şəxsi Rüfət Səfiyev həbs edilib.
İş materiallarına əsasən, “Retro Holding” MMC-nin baş mütəxəssisi vəzifəsində çalışmış Rüfət Qalib oğlu Səfiyev xarici ölkələrdən diri heyvanların satın alınması üçün ayrılmış vəsaitləri mənimsəməkdə ittiham olunur.
İstintaq zamanı müəyyən edildiyinə görə, təqsirləndirilən şəxs bu məqsədlə nəzərdə tutulan ümumilikdə 1 milyon 500 min manat məbləğində vəsaiti mənimsəyib. Faktla bağlı cinayət işi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırılıb.
Rüfət Səfiyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə, yəni xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İşin yaxın vaxtlarda məhkəməyə göndərilməsi və baxışa çıxarılması gözlənilir.
Qanunvericiliyə əsasən, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirli bilinən şəxsi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Qeyd edək ki, ittiham üzrə şəxsin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməyənədək o, təqsirsiz hesab olunur.![]()