İspaniyanın nəhəng klubu “Real Madrid”də komanda daxilində yaşanan gərginliklə bağlı yeni iddialar gündəmə gəlib.
İspaniyanın “Cadena SER” radiosunun yaydığı məlumata görə, Madrid təmsilçisinin soyunma otağında son beş ay ərzində əvvəlki qədər müsbət atmosfer hökm sürmür. Komanda daxilində münasibətlərin soyumasının futbolçular arasında da müəyyən narazılıqlara səbəb olduğu bildirilir.
Mənbənin iddiasına görə, vəziyyət o həddə çatıb ki, iki futbolçu arasında mübahisə yaranıb və tərəflər daha sonra əlbəyaxa olublar. Hadisədə hansı oyunçuların iştirak etdiyi isə hələlik açıqlanmayıb.
İspan mediası komandadakı ümumi atmosferə Kilian Mbappenin ətrafında yaranan müzakirələrin də təsir göstərə biləcəyini qeyd edir. Fransalı hücumçunun komandadakı rolu və onunla bağlı müxtəlif məsələlərin kollektiv daxilində müəyyən gərginlik yaratdığı iddia olunur.
“Real Madrid” üçün bu məlumatların yayılması xüsusilə qarşıdakı vacib oyunlar ərəfəsində diqqət çəkir. Madrid klubu oktyabr ayında həm daxili çempionatda, həm də avrokuboklarda mühüm qarşılaşmalara çıxacaq.
Qeyd edək ki, “Cadena SER” tərəfindən səsləndirilən məlumatlar hələlik iddia xarakterlidir və “Real Madrid” tərəfindən komanda daxilində baş verdiyi bildirilən insidentlə bağlı rəsmi açıqlama verilməyib.