Fransada keçirilən kütləvi etiraz aksiyalarında 146 min nəfər iştirak edib ki, onlardan 28 mini paytaxt Parisdə nümayişə qatılıb.
Leqal Xəbər məlumat verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ümumi Əmək Konfederasiyası isə bəyan edib ki, etirazlarda 500 mindən çox insan, o cümlədən Parisdə 175 min nəfər nümayişlərə qoşulub.
Çərşənbə axşamı Fransada dövlət sektoru, təhsil və nəqliyyat işçilərinin iştirakı ilə kütləvi tətillər və nümayişlər keçirilib. Paytaxt Parisdə yürüş iki saatdan çox davam edib və İtaliya meydanında başa çatıb.
Məlumata görə, etirazlar nəticəsində 30-a yaxın liseyin fəaliyyəti dayanıb, 10 təhsil müəssisəsində pirotexniki vasitələrdən istifadə qeydə alınıb, dörd lisey isə qapanıb. Hadisələr zamanı şağirdlərin də xəsarət aldığı bildirilir.
Baş verənlər fonunda, Paris İnzibati Məhkəməsi polisin paytaxtdakı bir sıra məktəb və universitetlərin 100 metrliyində toplantı və yürüşlərin keçirilməsini qadağan edən qərarının icrasını dayandırıb.