LEQAL XƏBƏR verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında Azərbaycan və Türkiyə ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Paşinyanın sözlərinə görə, "Sülh kəsişməsi" layihəsinin həyata keçirilməsi nəqliyyat əlaqələri ilə yanaşı, elektrik ötürücü xətlərinin və enerji bağlantılarının inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. O bildirib ki, bu addımlar regionun enerji təhlükəsizliyini gücləndirə və yaşıl enerjiyə keçidi sürətləndirə bilər.
Ursula fon der Lyayen isə Rusiya qazının gələcəkdə bahalaşması ehtimalına diqqət çəkərək, enerji təchizatının şaxələndirilməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, gələn həftə Avropa İttifaqının ekspertlər qrupu Ermənistana səfər edərək alternativ enerji marşrutlarını araşdıracaq. Bu prosesdə Ukrayna və Moldovanın təcrübəsindən istifadə olunacağı bildirilib.
Fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı regionun enerji təhlükəsizliyini gücləndirmək və bərpa olunan enerji layihələrini dəstəkləmək istiqamətində fəaliyyətini davam etdirəcək.