LEQAL XƏBƏR məlumat verir ki, Nepal azı 469 nəfərin həyatını itirdiyi daşqınlardan sonra bir neçə dövlətin axtarış-xilasetmə qrupları göndərmək təklifini qəbul etməyib.
Ölkə rəsmiləri yerli təhlükəsizlik qüvvələrinin axtarış-xilasetmə əməliyyatlarının öhdəsindən gəlmək iqtidarında olduğunu bildiriblər.
Nepal Xarici İşlər Nazirliyindən qeyd olunub ki, xarici ölkələrin yardım təklifləri təbii qarşılanır. Lakin hazırda Nepal ordusu və polis qüvvələri axtarış-xilasetmə tədbirlərini davam etdirir və əlavə xarici yardıma ehtiyac olmadığı hesab olunur.
Məlumata görə, hökumət bu qərarı Nepal ordusu və polisinin tövsiyəsi əsasında qəbul edib. Qərar verilərkən 2015-ci il zəlzələsindən sonra xarici xilasedicilərin ölkəyə cəlb olunması zamanı yaranan koordinasiya və idarəetmə problemləri də nəzərə alınıb.
Bundan əvvəl Nepalın xarici siyasət qurumu daşqınlardan zərər çəkən və ya itkin düşən əcnəbi vətəndaşların axtarışı və xilas edilməsini koordinasiya etmək üçün təcili reaksiya qrupu yaradıb.
Qeyd edək ki, avqustun 26-da Nepalın şimal bölgələrinə güclü sel suları daxil olub. İlkin ehtimallara görə, fəlakət Nepal və Çin sərhədində qar və daş uçqunları nəticəsində yaranıb.