Ədliyyə Nazirliyi “Mobil notariat” tətbiqində təqdim olunan xidmətlərin “mygov” platformasına keçirilməsi istiqamətində iş aparır.
Ədliyyə naziri Fərid Əhmədov “Report” və İTV-yə müsahibəsində bildirib ki, bu proses Azərbaycanın rəqəmsal inkişafının sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planına uyğun həyata keçirilir.
Nazirin sözlərinə görə, hazırda “Mobil notariat” tətbiqinin 1,8 milyon aktiv istifadəçisi var. Tətbiqdə mövcud olan xidmətlərin mərhələli şəkildə “mygov” platformasına inteqrasiyası nəzərdə tutulub.
Fərid Əhmədov qeyd edib ki, vətəndaşlıq vəziyyəti aktlarının rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Hazırda doğum, nikah, ölüm, vətəndaşlıq vəziyyəti və ailə tərkibi ilə bağlı bir sıra arayışların “mygov” üzərindən əldə edilməsi mümkündür.
Nazir rəqəmsallaşma prosesində məlumatların keyfiyyətinin və dəqiqliyinin artırılmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin məlumat bazaları bir sıra dövlət qurumları üçün ilkin mənbə məlumatı rolunu oynayır. Bu baxımdan nazirlik 42 dövlət qurumu ilə inteqrasiya həyata keçirir.
Fərid Əhmədov bildirib ki, hazırda FİN kod əsasında formalaşdırılan məlumatların 95 faizinin təmizliyinə nail olunub. Bu isə dövlət xidmətlərinin daha sürətli, dəqiq və rəqəmsal formada təqdim edilməsinə imkan yaradır.![]()