LEQAL XƏBƏR məlumat verir ki, puertorikolu keçmiş boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.
Məlumata görə, bu barədə idmançının atası və məşqçisi Riçard Kolon sosial şəbəkə hesabında paylaşım edib. O, oğlunun artıq daha yaxşı bir yerdə olduğunu bildirərək, illər ərzində göstərilən sevgi və dəstəyə görə hər kəsə təşəkkür edib.
Priçard Kolon 2015-ci ildə amerikalı Terrell Uilyamsla keçirdiyi döyüşdən sonra ağır xəsarət alaraq karyerasını başa vurub. Qarşılaşma zamanı rəqibinin başın arxa hissəsinə bir neçə dəfə qadağan olunmuş zərbə endirdiyi bildirilib.
Döyüşdən sonra Kolonda subdural hematoma aşkarlanıb və kəllədaxili təzyiqin azaldılması üçün təcili əməliyyat keçirilib. Boksçu 221 gün komada qalıb və bundan sonra ömrünün sonunadək aldığı ağır travmanın fəsadlarından əziyyət çəkib.
Qeyd edək ki, Uilyamsla döyüşə qədər Kolon məğlubiyyət yaşamamışdı. O, keçirdiyi 16 peşəkar görüşün hamısında qalib gəlib, 13 döyüşü nokautla başa vurub.![]()