LEQAL XƏBƏR məlumat verir ki, Mərakeşdən İspaniyanın Seuta və Melilya muxtar şəhərlərinə qanunsuz keçməyə çalışan yüzlərlə şəxslə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.
Məlumata görə, bir qrup şəxs Mərakeşin Fnideq şəhəri istiqamətindən Seuta ilə sərhəddə yerləşən hasarı aşmağa cəhd edib və bu zaman təhlükəsizlik qüvvələrinə daş atıb. Eyni zamanda, "Beni-Ənsar" sərhəd-keçid məntəqəsi yaxınlığında, aralarında çoxlu sayda yetkinlik yaşına çatmayanların da olduğu yüzlərlə gənc Melilyaya keçmək istəyərkən polis ilə qarşıdurma yaşayıb.
Bildirilir ki, iyulun 30-da 40 minə qədər şəxsin Mərakeşdən Seutaya qanunsuz keçməyə cəhd göstərə biləcəyi ehtimal olunurdu. Son məlumata əsasən, Seutaya çatmağa çalışan azı 19 nəfər həyatını itirib.
Yaranmış vəziyyətlə əlaqədar İspaniya hökuməti bölgədə təhlükəsizliyin gücləndirilməsi üçün hərbçilərin cəlb edilməsinə qərar verib. Həmçinin ölkənin Baş naziri Pedro Sançesin daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə Seutaya səfər edəcəyi bildirilib.![]()