İspaniyanın Dövlət Meteorologiya Agentliyi (Aemet) ölkənin bir çox bölgəsində müşahidə olunan şiddətli istilərlə əlaqədar hava xəbərdarlığı elan edib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Aemet təhlükə səviyyəsini sarı və narıncı xəbərdarlıq mərhələsinə yüksəldib. Proqnozlara əsasən, bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni keçəcək. Paytaxt Madriddə isə termometrlərin 35 dərəcəyədək yüksələcəyi gözlənilir.
Meteoroloqların məlumatına görə, xəbərdarlıq ən azı iyulun 23-dək qüvvədə qalacaq.
Qeyd olunub ki, bundan əvvəl Aemet 2026-cı ilin ilk altı ayının son 65 ilin ən isti dövrü olduğunu açıqlamışdı. Həmçinin builki iyun ayı meteoroloji müşahidələr tarixində ikinci ən isti iyun ayı kimi qeydə alınıb və yalnız 2025-ci ilin iyun ayından geri qalıb. Bu müddətdə orta hava temperaturu iqlim normasından 3,2 dərəcə yüksək olub.
Məlumata görə, İspaniyada indiyədək qeydə alınmış ən yüksək temperatur rekordu 2021-ci ilin avqustunda ölkənin cənubundakı La-Rambla qəsəbəsində qeydə alınıb. Həmin vaxt havanın temperaturu 47,6 dərəcəyə çatmışdı.![]()