Leqal xəbər məlumat verir ki, Rusiya Ermənistana Avropa İttifaqına inteqrasiya prosesini davam etdirəcəyi təqdirdə ciddi enerji məhdudiyyətləri ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
“Kommersant” nəşrinin yaydığı məlumata görə, Rusiya tərəfi Ermənistana təbii qaz, neft məhsulları və emal olunmamış almaz tədarükü ilə bağlı sazişləri dayandıra və ya ləğv edə biləcəyini bildirib. İddialara əsasən, bununla bağlı Rusiyanın energetika naziri Sergey Tsivilyov Ermənistanın aidiyyəti qurumlarına məktub göndərib.
Məktubda qeyd olunub ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması iki ölkə arasında illərlə formalaşmış iqtisadi və strateji tərəfdaşlıq modelinə uyğun gəlmir. Həmçinin vurğulanıb ki, Rusiya uzun illərdir Ermənistana enerji resurslarını güzəştli şərtlərlə təqdim edib.
Qeyd edək ki, söhbət 2013-cü ildə imzalanmış razılaşmadan gedir. Həmin sənədə əsasən, Rusiya Ermənistana qaz və neft məhsullarının ixracında müəyyən gömrük güzəştləri tətbiq edib. Xəbər regionda enerji və siyasi balansla bağlı yeni müzakirələrə səbəb olub.![]()