LEQAL XƏBƏR Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən bildirir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələr və “WhatsApp” vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi ilə törədilən kiberdələduzluq hallarına qarşı növbəti əməliyyat keçirib.
DİN-in məlumatına görə, əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Cəfərov sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual olaraq oxşar saxta səhifələr yaradıb.
Daha çox vətəndaşı cəlb etmək üçün həmin səhifələrin sosial şəbəkələrdə və “WhatsApp” qruplarında reklamını təşkil edib.
Saxta səhifələrə daxil olan şəxslərdən kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları əldə edilib.
DİN-in məlumatına əsasən, həmin məxfi məlumatlardan istifadə edən şübhəli şəxs vətəndaşların bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırıb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Elcan Cəfərov cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
DİN vətəndaşlara sosial şəbəkələrdə qarşılarına çıxan kredit elanlarının və digər reklamların doğruluğunu yoxlamağı, maliyyə xidməti göstərən qurumun qanuni fəaliyyət göstərib-göstərmədiyini əvvəlcədən dəqiqləşdirməyi tövsiyə edir.
Həmçinin bank kartlarının məlumatlarının, xüsusilə CVV/CVC və OTP kodlarının tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə təqdim edilməməsi xahiş olunur.
DİN bildirir ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN-kod, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər.
Kiberdələduzluqla bağlı şübhə yaranarsa, vətəndaşlara dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.