Livanın cənubunda tərəflər arasında əldə olunmuş çərçivə sazişi əsasında Livan ordusunun İsrail qoşunlarının mövqelərini mərhələli şəkildə təhvil alacağı ilk "pilot zona"da əməliyyatlara start verilib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar üçtərəfli razılaşmaya uyğun olaraq Frun, Srifa və Zavtar əl-Qərbiyyə kəndlərində başlayıb. Məlumata əsasən, bu yaşayış məntəqələrindən ikisində İsrail Müdafiə Qüvvələrinin (SAXAL) bölmələri artıq ərazini tərk ediblər.
Qeyd olunub ki, Zavtar əl-Qərbiyyə kəndi hələ də İsrailin yaratdığı bufer zonasına daxildir. Razılaşmaya əsasən, İsrail hərbçiləri həmin yaşayış məntəqəsindən də mərhələli şəkildə çıxmalıdırlar.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, layihənin icrasına başlanılması ötən həftə Romada İsrail və Livan nümayəndələri arasında keçirilmiş danışıqların nəticəsidir. Bildirilib ki, çərçivə sazişinin tam icrası üçün hər iki tərəflə əməkdaşlıq davam etdiriləcək.
Bununla yanaşı, əldə olunan razılaşmalara baxmayaraq, İsrail hələlik qoşunlarını ikinci "pilot zona"dan çıxarmağa başlamayıb. İsrail hərbçiləri daha əvvəl verdikləri açıqlamada bu məsələ ilə bağlı siyasi rəhbərlikdən hələlik müvafiq göstəriş almadıqlarını bildiriblər. Qoşunların geri çəkilməsinin dəqiq vaxtı isə açıqlanmayıb.![]()