Leqal Xəbər məlumat verir ki, 2025-ci il ərzində Azərbaycanda ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulan 15 144 nəfər qeydiyyata alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yeni qeydə alınan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadındır.
Statistikaya əsasən, müxtəlif xərçəng növləri üzrə ilk dəfə diaqnoz qoyulanlar arasında ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə isə 1 392 nəfər yer alıb.
Bundan əlavə, düz bağırsaq və əlaqəli nahiyələrin bədxassəli yenitörəmələri üzrə 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, süd vəzi xərçəngi üzrə 2 928, dərinin melanoma növü üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata götürülüb.
Məlumatda qeyd olunur ki, bu göstəricilər ölkədə orta hesabla hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulduğunu göstərir.
Həmçinin bildirilib ki, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər təşkil edib. Onlardan 28 026-sı kişi, 45 978-i isə qadındır.
Yaş qrupları üzrə statistikaya əsasən, qeydiyyatda olan xəstələrin 952 nəfəri 0-17 yaş, 1 603 nəfəri 18-29 yaş, 5 797 nəfəri 30-39 yaş, 32 452 nəfəri 40-59 yaş, 33 200 nəfəri isə 60 və yuxarı yaş qrupuna aiddir.