LEQAL XƏBƏR məlumat verir ki, Oman İrana Hörmüz boğazı üzərində kollektiv nəzarətin təmin olunmasını nəzərdə tutan və könüllü ödənişlər sistemi əsasında fəaliyyət göstərəcək regional mexanizmin yaradılmasını təklif edib.
Məlumata görə, təşəbbüs region ölkələrinin dəstəyi ilə hazırlanıb və strateji əhəmiyyət daşıyan boğaza hər hansı bir dövlətin təkbaşına nəzarət etməsini istisna edir.
Bildirilib ki, layihə Malakka boğazında tətbiq olunan modelə əsaslanır. Bu sistem çərçivəsində dəniz yolundan istifadə edən gəmilər naviqasiya təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və axtarış-xilasetmə əməliyyatlarının maliyyələşdirilməsində könüllü şəkildə iştirak edirlər.
Eyni zamanda, yayılan məlumata görə, Oman və İran arasında keçirilən son danışıqlarda Hörmüz boğazının "orta dəhliz" adlandırılan hissəsinin yenidən istifadəyə verilməsi məsələsi də müzakirə olunub. Qeyd edilir ki, hərbi əməliyyatların başlanmasından sonra gəmilər əsasən alternativ marşrutlardan istifadə ediblər.
Mənbələrin bildirdiyinə əsasən, Oman tərəfi aparılan danışıqların müsbət nəticə verəcəyinə ümid edir. Hesab olunur ki, Hörmüz boğazı ilə bağlı əldə olunacaq mümkün razılaşma ABŞ və İran arasında atəşkəs danışıqlarının bərpasına da müsbət təsir göstərə bilər.![]()