Leqal xəbər məlumat verir ki, Son vaxtlar televiziya proqramlarında və sosial mediada həkimlərin aktiv şəkildə reklam olunması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Mövzu Milli Məclisdə də gündəmə gətirilib və tibbi reklamların müəyyən çərçivəyə salınması ilə bağlı fikirlər səsləndirilib.
Deputatlar və mütəxəssislər hesab edirlər ki, bəzi hallarda həkimlər və klinikalar özlərini həddindən artıq reklam edir, bu isə tibbi etika və pasiyent seçimlərinə mənfi təsir göstərə bilər. Xüsusilə estetik prosedurlar və plastik cərrahiyyə ilə bağlı aqressiv reklamların risk yaratdığı vurğulanır.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov isə bildirib ki, məsələyə emosional yox, sistemli yanaşmaq lazımdır. Onun sözlərinə görə, müasir dövrdə həkimlərin fəaliyyəti, ixtisası və xidmətləri barədə ictimaiyyətə açıq məlumat verməsi normal hesab olunmalıdır.