Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid adına beynəlxalq hava limanına edilən raket hücumu nəticəsində “Saudia” dövlət aviaşirkətinin pilotu həyatını itirib.
LEQAL XƏBƏR-in “Al-Ekhbariya” telekanalına istinadən yaydığı xəbərə görə, aviaşirkət həlak olan şəxsin kapitan Hamud əl-Kaltami olduğunu açıqlayıb. Şirkət mərhumun ailəsinə başsağlığı verib.
Bildirilib ki, oktyabrın 8-də baş verən hücum zamanı hava limanının dayanacağında saxlanılan təyyarələrdən biri zədələnib. Hadisə vaxtı təyyarədə sərnişin olmayıb.
Məlumata əsasən, təyyarəyə ciddi ziyan dəyib. Terminalın yaxınlığındakı dayanacaqda mərmi və ya qəlpələrin dəyməsindən sonra yanğın baş verib.
Aviaşirkət hava limanında uçuşlarla bağlı əməliyyatların oktyabrın 8-də yerli vaxtla saat 18:00-da, Bakı vaxtı ilə isə saat 19:00-da bərpa olunduğunu bildirib.