Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır.
Leqal Xəbər Report-a əsasən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu" çərçivəsində baş tutan "Qurumların fəaliyyəti, işəgötürənlətlı əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada deyib.
Onun sözlərinə görə, hazırda vətəndaşlar icbari tibbi sığorta hesabına yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər zamanı istifadə olunan dərman preparatları və tibbi sərfiyyat materialları ilə dövlət hesabına təmin edilirlər:
"Ambulator şəraitdə isə onlara resept əsasında təyin olunan dərman preparatlarını öz vəsaitləri hesabına əldə edirlər. Lakin gələn ilin aprel ayından etibarən bu istiqamətdə də müvafiq mexanizmlərin tətbiqinə başlanılması planlaşdırılır. Bununla bağlı artıq funksional, qanunvericilik və normativ tərəflər hazırlanıb, müvafiq layihələr təsdiqə göndərilib. Yaxın günlərdə onların təsdiqlənəcəyini ehtimal edirik".
R.Rzayev bildirib ki, ilkin mərhələdə daha təxirəsalınmaz xəstəliklərdən biri olan arterial hipertenziyanın, yəni yüksək arterial qan təzyiqinin müalicəsini təmin edən və dəstəkləyən dərman preparatlarının 26 adda xidmətlər zərfi çərçivəsində vətəndaşlara təqdim edilməsi planlaşdırılır.