Astara rayonunun Siyov kəndi dayanıqlı və inklüziv kənd inkişafının təşviqi, yerli irsin, ənənələrin və biomüxtəlifliyin qorunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kəndlərin Tanınması Təşəbbüsü çərçivəsində təltif edilib.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə FAO-nun Azərbaycandakı nümayəndəliyinin Mətbuat Xidməti məlumat yayıb.
Lənkəran-Astara bölgəsinə səfəri zamanı FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat Siyov kəndinin nümayəndələri ilə görüşərək təqdir sertifikatını təqdim edib. O bildirib ki, bu mükafat kənd icmasının dayanıqlı inkişaf, yerli irsin və biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.
Səfər çərçivəsində FAO nümayəndəsi Hirkan Milli Parkında da olub. O, park rəhbərliyi ilə görüşərək Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyələşdirdiyi və FAO Azərbaycan nümayəndəliyinin icra etdiyi "Biomüxtəlifliyin mühafizəsi və dayanıqlı istifadəsi" layihəsi üzrə görülən işlərlə tanış olub.
Nümayəndə layihə çərçivəsində yeni inzibati binanın tikintisi üçün ayrılmış əraziyə, hasarlanması planlaşdırılan sahəyə və Daştatük kəndində icma üçün çəkilən suvarma su xəttinin tikinti işlərinə baxış keçirib, həmçinin yerli sakinlərlə görüşüb.
Qeyd olunub ki, FAO-nun Ərzaq və Kənd Təsərrüfatı Muzeyi və Şəbəkəsi (MuNe) çərçivəsində təşkil olunan Kəndlərin Tanınması Təşəbbüsü təşkilatın 80 illik yubileyinə həsr olunub. Təşəbbüs dayanıqlı aqro-qida sistemlərinin inkişafına, biomüxtəlifliyin, qida ənənələrinin və yerli biliklərin qorunmasına, eləcə də inklüziv kənd inkişafına töhfə verən kənd icmalarının fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasını və onların təcrübələrinin qlobal miqyasda paylaşılmasını təşviq edir.
İndiyədək dünyanın müxtəlif regionlarını təmsil edən 69 ölkədən 300-dən çox kənd bu təşəbbüsə təqdim olunub. Layihə kəndlərin müqayisəsindən daha çox onların nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasına və uğurlu təcrübələrinin paylaşılmasına xidmət edir. Təltif olunan kəndlər FAO-nun baş direktoru tərəfindən təsdiqlənmiş rəqəmsal sertifikat əldə edir, "FAO MuNe" şəbəkəsinə qoşulur və həmin platforma vasitəsilə qlobal səviyyədə tanıdılır.![]()