LEQAL XƏBƏR məlumat verir ki, Salyanda adam oğurluğunda və mənzil toxunulmazlığını pozmaqda təqsirləndirilən Abdulla İbişov, Zabil İbişov və Rəvan Məmmədovun işi üzrə yeni qərar qəbul edilib.
Ali Məhkəmədə dövlət ittihamçısının kassasiya protestinə baxılıb. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında kassasiya protesti təmin edilib.
Qərara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, cinayət işi yeni apellyasiya baxışına göndərilib.
İttihama görə, hadisə 9 iyun 2024-cü ildə Salyan rayonunda yerləşən kəndlərdən birində baş verib.
Məlumata görə, Abdulla İbişov əmisi oğlu Zabil İbişov və dostu Rəvan Məmmədovla görüşərək sevdiyi qız Ləman Babayevanın qaçırılmasına kömək etmələrini istəyib.
Onlar qızın yaşadığı evə gedərək özlərini “elektrik şəbəkəsinin işçiləri” kimi təqdim ediblər. Ev sahibindən su istəyən şəxslər içmək üçün su aldıqdan sonra hadisəni həyata keçiriblər.
İttihama əsasən, Abdulla içdiyi stəkanı ev sahibi, Ləmanın atası Ələskər Babayevanın başına vurub. Daha sonra Zabil ona nəzarət edib, Abdulla isə evə daxil olaraq Ləmanı zorla çıxarıb və avtomobilə mindirib.
Üç şəxs daha sonra qızı Abdullanın yaşadığı evə aparıb və onu anasına təhvil veriblər. Abdulla ailənin polisə müraciət etdiyini öyrəndikdən sonra Salyanı tərk edərək Bakıya gedib.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak edən hər üç şəxs saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdulla İbişov və Zabil İbişovun hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəvan Məmmədova isə 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Şirvan Apellyasiya Məhkəməsi Zabil İbişovla bağlı cəzanı dəyişdirərək onun barəsində 4 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Ali Məhkəmənin son qərarı ilə həmin apellyasiya qərarı ləğv olunub və işə yenidən apellyasiya instansiyasında baxılacaq.![]()