LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan hökuməti yaxın beş il ərzində Azərbaycanla sülhü rəsmiləşdirmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq və bir sıra ölkələrlə strateji əlaqələri inkişaf etdirmək niyyətindədir.
Məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentin iclasında təqdim etdiyi 2026–2031-ci illər üçün hökumət proqramında qeyd olunub.
Proqramın xarici siyasət bölməsində bildirilib ki, Ermənistan hökuməti Azərbaycanla dövlət sərhədinin delimitasiyası, iki ölkə arasında sülhün institusionallaşdırılması, eləcə də sülh müqaviləsi və digər hüquqi sənədlərin imzalanması istiqamətində işləri davam etdirəcək.
Bununla yanaşı, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi də nəzərdə tutulur.
Ermənistan hökuməti həmçinin Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını və sərhədin açılmasını planlaşdırır.
Proqrama əsasən, Ermənistan-Türkiyə sərhədində ən azı iki müasir nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda Ermənistan tərəfində onlardan biri – Armavir regionundakı “Markara” nəzarət-buraxılış məntəqəsi hazırlanıb.
Bundan başqa, Ermənistan Avropa İttifaqı, ABŞ, İran və Gürcüstanla strateji əlaqələri, Rusiya ilə isə çoxşaxəli münasibətləri inkişaf etdirməyi planlaşdırır.
Hökumət proqramında Türkiyə ilə əlaqələr çərçivəsində enerji infrastrukturlarının yenidən işə salınması məsələsinə də yer verilib.![]()