LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu ilə bağlı yaranmış mübahisənin arbitraj məhkəməsinə çıxarıla biləcəyini açıqlayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan bu məsələni ilk növbədə danışıqlar yolu ilə həll etməyə çalışacaq. Lakin tərəflər arasında fikir ayrılığı davam edərsə, mübahisənin arbitraj məhkəməsində araşdırılması üçün hüquqi addımlar atıla bilər.
Baş nazir bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında dəmir yolu məsələsi müzakirə olunmasa da, İrəvanın bu məsələdə mövqeyi dəyişməyib.
Paşinyan vurğulayıb ki, Ermənistan dəmir yolu ölkənin mülkiyyətidir və dövlət həmin infrastrukturdan istədiyi şəkildə istifadə etmək hüququna malik olmalıdır.
Xatırladaq ki, Ermənistanın Baş naziri bundan əvvəl də Rusiyanın idarə etdiyi Ermənistan dəmir yolunun ölkənin regional kommunikasiyaların açılması prosesində rəqabət imkanlarını məhdudlaşdırdığını bildirmişdi.![]()