LEQAL XƏBƏR məlumat verir ki, Binə qəsəbəsində iki avtobusun toqquşması nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Binə Sovxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar iyulun 24-də saat 08:00-dan etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bildirilib ki, Kliniki Tibbi Mərkəzə çatdırılan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralılarda baş, bədən və ətraf travmaları, eləcə də sınıqlar müəyyən edilib. Onlara lazımi tibbi xidmət göstərilib.
Məlumata əsasən, vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü qadın Reanimasiya şöbəsində müalicə alır. Digər 12 nəfərin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.![]()