Novruz süfrəsi Azərbaycan ailəsi üçün sadəcə yemək masası deyil, bolluq və paylaşım rəmzidir. Amma hər il bayram yaxınlaşdıqca bazarlarda və marketlərdə artan qiymətlər bütün süfrələri kifayət qədər "bəzənməyə" qoymur.
Bəs görəsən bayramöncəsi qiymət artımının səbəbi nədir?
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı açıqlama verib:
"Qiymət artımının əsas səbəblərindən biri tələbin yüksəlməsidir. Bayram ərəfəsində insanlar daha çox alış-veriş edir, xərclər artır. Tələb yüksəldiyi halda bazarda təklif eyni qalırsa, qiymətlərin artması qaçılmaz olur. Bu, iqtisadiyyatın ən sadə və fundamental qanunlarından biridir: tələb artır, təklif dəyişmir - qiymət yüksəlir.
Ancaq məsələ bununla bitmir. İlin əvvəlində dizel yanacağının qiymətinin artması da bazara birbaşa təsir göstərib. Yanacaq bahalaşdıqda daşınma xərcləri artır, daşınma xərcləri artdıqda isə məhsulun son qiyməti yüksəlir. Çünki istehsaldan satış nöqtəsinə qədər bütün mərhələlər nəqliyyatla bağlıdır və bu zəncirin hər halqasında xərc formalaşır.
Digər mühüm amillərdən biri isə bəzi ərzaq məhsulları üzrə inhisarçılıq meyilləridir. Rəqabət zəiflədikdə qiymətlərin formalaşması bazar mexanizmlərindən daha çox ayrı-ayrı oyunçuların qərarlarından asılı olur. Bu isə istehlakçı üçün əlavə yük yaradır.
Beləliklə, qiymət artımı təkcə bir səbəbdən qaynaqlanmır. Artan tələb, yanacaq və daşınma xərcləri, eləcə də bazardakı rəqabət mühiti birlikdə qiymətlərin yüksəlməsinə təsir edən əsas amillərə çevrilir."
Bu sualla vətəndaşlara müraciət etdik.
Onların fikirlərini və real reaksiyaları link üzərinə klik edin.
