Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin gələcəkdə Çinlə birləşdirilməsi təşəbbüsü ilə çıxış edib.
LEQAL XƏBƏR verir ki, Mirziyoyev bu təklifi Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Tbilisidə keçirdiyi görüş zamanı səsləndirib.
O bildirib ki, Bakı–Tbilisi–Qars dəmiryolunun modernləşdirilməsindən sonra onun tikintisi davam edən Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu magistralı ilə əlaqələndirilməsi imkanları nəzərdən keçirilməlidir.
Görüşdə tərəflər nəqliyyat və tranzit əməkdaşlığının genişləndirilməsi, Özbəkistan yüklərinin Batumi və Poti limanları vasitəsilə daşınmasının artırılması, həmçinin logistika mərkəzi və sənaye zonasının yaradılması məsələlərini də müzakirə ediblər.
Bununla yanaşı, iki ölkə ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard ABŞ dollarına çatdırılması məqsədilə xüsusi "yol xəritəsi" hazırlanması barədə razılığa gəlib.
Danışıqlarda aqrar sahə, energetika, informasiya texnologiyaları, rəqəmsal bankçılıq, turizm, əczaçılıq və digər istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi, həmçinin ortaq investisiya fondunun yaradılması təklif olunub.