LEQAL XƏBƏR məlumat verir ki, Bakı-Ələt istiqamətində avtomobil yollarında yeni körpülərin tikintisi davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, körpülərdən biri Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində inşa olunur. Hazırda tikinti işləri yekun mərhələyə çatıb və asfalt-beton örtüyünün salınması üçün hazırlıq görülür.
Digər körpü Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü kilometrində tikilir. Burada dayaqların inşası üçün svaylar vurulub, bünövrənin betonlanmasına hazırlıq işləri həyata keçirilir.
Üçüncü körpü isə Lökbatan-Güzdək avtomobil yolunun 2,2-ci kilometrində inşa edilir. Hazırda birinci kənar dayağın tikintisi davam etdirilir, ikinci dayağın bünövrəsi isə artıq tamamlanıb.
Qeyd olunub ki, bütün tikinti işləri mövcud inşaat norma və qaydalarına uyğun şəkildə aparılır.
Yeni körpülərin istifadəyə verilməsi ilə həmin yol sahələrində nəqliyyatın hərəkətinin daha rahat, təhlükəsiz və fasiləsiz təşkili təmin olunacaq.![]()