Dünyada ərzaq qiymətləri yenidən yüksəlir. Azərbaycanda da bahalaşma davam edir. Lakin buğda bazarında ölkəmiz üçün fərqli vəziyyət yarana bilər. Rusiyada taxıl bolluğu və ixracla bağlı çətinliklər qiymətləri aşağı salır. Azərbaycan isə Rusiyadan böyük həcmdə buğda idxal edir. Bəs bu vəziyyət Azərbaycanda çörək və un məmulatlarının qiymətinə təsir göstərə bilərmi?
Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2026-cı ilin avqustunda qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,9 faiz artıb. Taxıl, bitki yağları, ət, süd məhsulları və şəkər üzrə qiymət indekslərinin hamısında artım qeydə alınıb. FAO qlobal ərzaq bazarında hava şəraiti, geosiyasi gərginlik və ticarət-logistika problemlərinin təklif gözləntilərinə təzyiq göstərdiyini bildirir.
Azərbaycanda da ərzaq qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artıb. Avqust ayında ərzaq qiymətləri aylıq 0,3 faiz, illik isə 7,2 faiz yüksəlib. Həmin ayda mal və qoyun əti, təzə balıq, bitki yağları, pomidor, soğan və bir sıra digər məhsullar bahalaşıb.![]()
Beləliklə, qarşıdakı dövrdə Azərbaycan ərzaq bazarında iki fərqli tendensiya üz-üzə qala bilər: dünyada ərzaq qiymətlərinin artması və Rusiyada taxıl bolluğunun yaratdığı ucuzlaşma imkanı.
Buğdanın qiymətində mümkün ucuzlaşma un və çörək bazarı üçün müəyyən fürsət yaratsa da, digər ərzaq məhsullarının qiymətinə təsir edən amillər qalır.
Ona görə də qarşıdakı aylarda əsas sual yalnız “buğda ucuzlaşacaqmı?” olmayacaq. Əsas məsələ qlobal bahalaşma fonunda Azərbaycanın ərzaq bazarında qiymətlərin nə dərəcədə sabit saxlanılacağı və daxili istehsalın tələbatı nə qədər qarşılaya biləcəyidir.