LEQAL XƏBƏR məlumat verir ki, Mədəniyyət Nazirliyi kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əməkhaqqılarının artırılmasını nəzərdə tutur.
Nazirliyin şöbə müdiri Vasif Qurbanzadə bildirib ki, kitabxana sistemində həyata keçirilən dəyişikliklərin əsas məqsədi kitabxanaların müasir tələblərə uyğun fəaliyyət göstərməsini təmin etmək, kitabların əlçatanlığını artırmaq, beynəlxalq standartlara uyğun xidmətlər göstərmək və kitabxana fondlarını daha da zənginləşdirməkdir.
Onun sözlərinə görə, optimallaşdırma çərçivəsində peşəkar kitabxana əməkdaşlarının hazırlanmasına xüsusi önəm veriləcək. Bu məqsədlə attestasiyadan uğurla keçən əməkdaşlar müxtəlif ixtisasartırma kurslarına cəlb olunacaq və proses başa çatdıqdan sonra onların əməkhaqlarının artırılması istiqamətində planların həyata keçirilməsi nəzərdə tutulur.
Vasif Qurbanzadə əlavə edib ki, hazırda digər kitabxana əməkdaşlarının attestasiyası ilə bağlı yekun qərar verilməyib. O qeyd edib ki, bu mərhələdə yalnız informasiya texnologiyaları sahəsində çalışan təxminən 1100 əməkdaş attestasiyaya cəlb olunub.![]()