LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan klublarının avrokuboklardakı uğurlu çıxışı ölkəmizi yeni mövsüm üzrə UEFA əmsallar cədvəlində müvəqqəti olaraq birinci pilləyə yüksəldib.
Bu nəticəyə UEFA Konfrans Liqasının I təsnifat mərhələsində qazanılan növbəti qələbə də töhfə verib. Həmin qələbə sayəsində Azərbaycanın hesabına daha 0.250 xal əlavə olunub.
Bundan əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubunu 2:0 hesabı ilə məğlub edən "Sabah" da ölkənin əmsalına eyni həcmdə xal qazandırmışdı.
Azərbaycan təmsilçilərinin avrokuboklara ardıcıl qələbələrlə başlaması nəticəsində ölkəmiz yeni mövsümdə UEFA əmsallar cədvəlində ən çox xal toplayan federasiya olub və müvəqqəti olaraq liderliyə yüksəlib.
Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir. Toplanan xallar avrokuboklarda iştirak edən klubların sayına bölünərək ölkənin əmsalına əlavə edilir.
Hazırda Azərbaycan UEFA əmsallar cədvəlində ümumilikdə 19.062 xalla 26-cı pillədə qərarlaşıb. Slovakiya 18.250 xalla 27-ci, İsrail isə 20.750 xalla 25-ci sırada yer alır.![]()