LEQAL XƏBƏR məlumat verir ki, “Google” şirkəti “Android” cihazlarında yoxlanılmamış tərtibatçılar tərəfindən hazırlanmış tətbiqlərin quraşdırılması ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Məlumata görə, yeni qaydalara əsasən istifadəçilər naməlum tərtibatçıdan tətbiq yükləmək istədiklərini əlavə olaraq təsdiqləməli, daha sonra cihazı yenidən başlatmalı və tətbiqdən istifadə etmək üçün 24 saat gözləməli olacaqlar.
“Google”un bu addımı əsasən istifadəçilərin dələduzluq və zərərli proqramlar yükləməsinin qarşısını almaq məqsədi daşıyır.
Yeni prosedurun yalnız yeni tətbiqlərə deyil, yoxlanılmamış tərtibatçılardan əvvəllər yüklənmiş proqramların yenilənməsinə də şamil ediləcəyi bildirilir.
Qeyd edək ki, “Google” bu dəyişikliklərlə “Android” istifadəçilərinin təhlükəsizliyini artırmağı və şübhəli tətbiqlərin cihazlara quraşdırılmasının qarşısını almağı hədəfləyir.![]()