LEQAL XƏBƏR məlumat verir ki, Ukrayna Prezident Ofisinin sabiq ştatdankənar müşaviri Aleksey Arestoviç Rusiyada qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Rusiya məhkəməsi Arestoviçi Rusiya ordusu haqqında yalan məlumatlar yaymaqda və terrorçuluğa çağırışda təqsirli bilib.
Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsinin qərarına əsasən, cəzanın ilk 3 ili həbsxanada, qalan hissəsi isə ümumi rejimli islah əmək koloniyasında çəkilməsi nəzərdə tutulub.
Məhkəmə həmçinin Arestoviçi 4 il müddətinə internet və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə sayt və kanalların idarə olunması ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib.
Qeyd olunur ki, hökm hələ qanuni qüvvəyə minməyib və apellyasiya şikayəti verilə bilər.
İstintaqın məlumatına görə, Arestoviç Rusiya ərazisindən kənardadır, prosesdə iştirak etməyib və beynəlxalq axtarışa verilib.