Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə yüksək texnologiyalı protezlərlə təmin edilmiş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol oyunu keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, AFFA-nın peşəkar hakimlərinin idarə etdiyi qarşılaşma maraqlı və rəqabətli mübarizə şəraitində keçib.
Gərgin mübarizə şəraitində keçən oyun 6:6 hesabı ilə başa çatıb.
Qarşılaşmanın sonunda iştirakçılara təşəkkürnamələr və simvolik hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi və AFFA arasında əməkdaşlıq çərçivəsində ahıl şəxslərin sosial və fiziki aktivliyinin artırılmasına yönəlmiş “Gəzinti futbolu” (Walking Football) layihəsi həyata keçirilir.
Layihə çərçivəsində AFFA tərəfindən ayrılmış məşqçilər tərəfindən mütəmadi məşqlər keçirilir. Bu fəaliyyətlər ahıl şəxslərin fiziki aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili və sosial həyata daha fəal cəlb olunmasına xidmət edir.