LEQAL XƏBƏR məlumat verir ki, ABŞ administrasiyası Konqresi Ukraynaya ayrılmış 400 milyon dollar həcmində hərbi yardımın çatdırılması prosesinin 2028-ci ilin oktyabrından başlayaraq 2029-cu ilin sentyabr ayının sonunadək yekunlaşdırılmasının planlaşdırıldığı barədə məlumatlandırıb.
Məlumata görə, Pentaqon may ayında Konqresə göndərdiyi məktubda ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı planları açıqlayıb. Sənəddə qeyd olunur ki, yardım paketinin tam icrası 2029-cu maliyyə ili ərzində başa çatdırılmalıdır.
Bildirilir ki, yardım paketinin 200 milyon dolları Ukraynaya silah və sursatın verilməsinə, təxminən 100 milyon dolları hərbi texnika və ehtiyat hissələrinin təmin edilməsinə, qalan 100 milyon dolları isə hərbi yüklərin daşınması xidmətlərinə yönəldiləcək.
ABŞ Konqresinin bəzi üzvləri isə yardımın Kiyevə çatdırılmasının ləng getdiyini bildirərək, bu vəziyyətdən narazılıqlarını ifadə ediblər.
Qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatır və bəzi qanunvericilər yardım paketinin taleyi ilə bağlı yekun qərarın növbəti ABŞ prezidenti tərəfindən verilə biləcəyini istisna etmirlər.![]()